Abdullazadə Gülnaz Abutalıb qızı

(d. 1946) - bəstəkar-musiqişünas, filosof. Fəlsəfə elmləri doktoru (1990), professor (1992). A. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır. "Musiqi sənətinin fəlsəfi mahiyyəti" (Bakı, 1985), "Musiqi, insan, cəmiyyət" (Bakı, 1991), "Azərbaycan fəlsəfəsi" (həmmüəlliflə, Bakı, 1993), "Hegelin musiqi estetikası" (Bakı, 1999) monoqrafiyalarının müəllifidir.

"Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti" (Bakı, 1983), "Qədim və orta əsrlərin musiqi mədəniyyəti" (Bakı, 1996) adlı monoqrafiyalarında; 4-7 noyabr 1997-ci ildə IV Uluslararası Türk Kültürü Konqresində "Üzeyir Hacıbəyovun milli musiqi haqqında estetik düşüncələri" (Ankara, Atatürk Kültür Mərkəzi), 13-16 noyabr 2002-ci ildə Uluslararası Avropada və Türk Cumhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində "Avropa not sistemli professional musiqinin Şərq şifahi ənənəli professional musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" (Ankara, Qazi Universiteti) adlı məruzələrində; "Üzeyir Hacıbəyov: Şərq-Qərb dialoqu" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), III buraxılış, Bakı, Elm, 1999) və "Avropa not sistemli professional musiqinin Şərq şifahi ənənəli professional musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), V buraxılış, Bakı, Elm, 2004) məqalələrində "Hacıbəyov" fenomeninə tarixi-nəzəri və elmi qiymət verilmiş, onun həyatı, yaradıcılığı, Şərq-Qərb musiqi mədəniyyətinin inteqrasiyası prosesində oynadığı rol tədqiq edilmiş, Azərbaycan muğam ladlarının sistemləşdirilməsinin özünəməxsusluğunun üslub cəhətləri və s. problemlərə dair tarixi və nəzəri cəhətdən münasibət bildirilmişdir. .